Hörmətli Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və aidiyyəti dövlət qurumlar
2018-ci il dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin təməli qoyulmuşdur. Kompleksdəki mənzillərin ümumi sayı 2,202-dir və əsasən gənc ailələrə ev sahibliyi edir.
Kompleksimizin əhalisi günü-gündən artmaqdadır və bu artımla birlikdə ictimai nəqliyyat və məktəbəqədər təhsil problemləri də ortaya çıxır. Kompleksimizdə 4 uşaq bağçası mövcud olsa da, yalnız biri fəaliyyət göstərir ki, bu da təhsilə olan tələbatı tam ödəyə bilmir. Ailələr övladlarını qeydiyyatdan keçirmək üçün uzun növbələr gözləməli olur və bir çox uşaq daha uzaqlarda yerləşən bağçalara getməyə məcbur qalır. Bağçalar azyaşlıların təlim-tərbiyəsi və sağlam vətəndaş kimi yetişməsində mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın uşaqların təlim-tərbiyəsinə göstərdiyi diqqət və qayğı hər zaman yüksək səviyyədə olmuşdur.
Bununla yanaşı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin rəsmi internet səhifəsində qeyd olunan bir məqamı da vurğulamaq istəyirik: “Məktəbəqədər təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi fərdi, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir.”
Yuxarıda sadalananları nəzərə alaraq, bütün MİDA sakinləri adından Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və aidiyyəti dövlət qurumlarından xahiş edirik ki, Kompleks ərazisində fəaliyyət göstərməyən digər 3 bağça istifadəyə verilsin və beləliklə 6 min gənc ailənin ən böyük problemlərindən biri öz həllini tapsın.
Öncədən təşəkkür edirik.
Hörmətlə,
Yasamal Yaşayış Kompleksi sakinləri